Paşinyan: “Məsələ Ktrich Nersisyanın yox, kilsənin mənəvi yenilənməsidir” – ÖZƏL
28 Avqust 2025 15:43 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun məqsədi Ktrich Nersisyanı Patriarx iqamətgahından uzaqlaşdırmaq deyil, əsas məsələ Ermənistan Apostol Kilsəsinin mənəvi yenilənməsidir. O vurğulayıb ki, bu, bütövlükdə cəmiyyətin mənəvi dəyərlərinin bərpası üçün vacibdir:
"AAC bütün mənəvi dəyərlərimizin mərkəzidir. Əgər bu mərkəz çirklənibsə, dəyərlərə əsaslanan cəmiyyət qurmaqdan danışmaq qeyri-ciddidir. Biz bu prosesi birinci növbədə Müqəddəs Eçmiədzindən başlamalıyıq".
Paşinyan qeyd edib ki, kilsə ilə bağlı yayılan "zorakılıq tətbiq olunacağı" iddiaları əsassızdır:
"Biz siyasi proseslərdə heç vaxt zorakılığa əl atmamışıq. Mən əminəm ki, mənəvi gücdən üstün güc yoxdur. Bu güc kulminasiyaya çatanda, qalan hər şey bir anın içində baş verəcək".
Baş nazir əlavə edib ki, Ktrich Nersisyan düzgün addım ataraq prosesi könüllü şəkildə qəbul etməlidir:
"Əks halda dediklərim Eçmiədzinin mərkəzi meydanında inkarolunmaz reallığa çevriləcək. Mən onu könüllü qərar verməyə çağırıram".
O həmçinin qeyd edib ki, yeni katolikosun seçilməsi üçün komissiyanın formalaşdırılması prosesi gedir. Artıq 100-dən çox müraciət daxil olub və Paşinyan namizədlərlə görüşərək onların tələblərə uyğunluğunu şəxsən yoxladığını bildirib.