ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil hərbi dronu sınaqdan keçirdi - ÖZƏL
11:33 DünyaABŞ Hərbi Hava Qüvvələri (HHQ) YFQ-42A tipli yeni hərbi pilotsuz uçuş aparatının sınaq uçuşunu həyata keçirib. Bu dron "Collaborative Combat Aircraft" (CCA) proqramı çərçivəsində hazırlanıb və döyüş təyyarələri ilə birlikdə əməliyyat aparmaq üçün nəzərdə tutulub. Olaylar.az xəbər verir ki, HHQ-nin mətbuat xidmətinin məlumatına görə, proqram döyüş meydanına yeni baxış gətirməyə, əməliyyatların effektivliyini artırmağa və insan-makina qarşılıqlı fəaliyyətini gücləndirməyə xidmət edəcək. HHQ-nin başçısı, general Devid Olvin bildirib ki, bu təşəbbüs döyüş əməliyyatlarının məsafəsini, çevikliyini və öldürücülüyünü artıracaq. Air and Space Forces jurnalının məlumatına görə, proqramın məqsədi F-22 və F-35 qırıcılarının atəş gücünü artırmaqdır. Yeni dronlar daha çox silah daşıya biləcək, qırıcıların xarici asılıqlarındakı yükü azaldaraq onların radara görünməzliyini yüksəldəcək. Bu yanaşma həm də standart pilotlu təyyarələrin istehsalı ilə müqayisədə arsenalın sürətli və ucuz şəkildə artırılmasına imkan verəcək.
Proqramın ilk mərhələsində General Atomics və Anduril Industries şirkətləri iştirak edib. Hər iki şirkətin prototipləri 2024-cü ilin may ayında yerüstü sınaqlardan keçib. ABŞ HHQ 2026-cı maliyyə ilində, yəni 2025-ci il oktyabrın 1-dən başlayacaq dövrdə, dronların kütləvi istehsalına qərar verməyi planlaşdırır.