Rusiya və Norveç arasında balıq savaşı başladı

Rusiya Norveçin sanksiyaları ləğv etmədiyi təqdirdə norveçli balıqçıların öz iqtisadi zonasında ov etməsinə icazə verməyəcəyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Rosrybolovstvo"nun rəhbəri İlya Şestakov Rusiya-Norveç balıqçılıq komissiyasının növbədənkənar iclasında bəyanat verib.

Söhbət iyul ayında sanksiyalara məruz qalmış iki Rusiya şirkətindən - "Norebo" və "Murman Seafood" şirkətlərindən dan gedir. Şestakovun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər Şimali Atlantikada onilliklərdir fəaliyyət göstərən və hətta Soyuq müharibə dövründə də davam edən birgə tənzimləmə sistemini təhlükə altına qoyur. Əgər Norveç bir ay ərzində mövqeyini dəyişməsə, Rusiya Norveç gəmiləri üçün öz xüsusi iqtisadi zonasını bağlayacaq və Barens dənizi ilə Norveç dənizində kvotaların bölgüsünü birtərəfli qaydada aparacaq.

Norveç iyulda, Avropa İttifaqının sanksiyalarına qoşularaq, Rusiya şirkətlərinə öz iqtisadi zonasındakı ov hüququnu qadağan edib, onların limanlara girişini bağlayıb və aktivlərini dondurub. Brüsselin iddiasına görə, "Norebo" və "Murman Seafood" gəmiləri kəşfiyyat məqsədilə istifadə edilə bilərdi. Belə ki, onların trawlerlərindən biri NATO təlimləri və kritik infrastruktur yaxınlığında müşahidə edilib, həmçinin sonradan zədələnmiş sualtı kabelin yanından keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31