Zaxarova: USAID-in keçmiş rəhbərinin Moldovaya dair etirafları dəhşətlidir - ÖZƏL
27 Avqust 2025 18:40 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova USAID-in keçmiş rəhbəri Samanta Pauerin Moldovaya nəzarət üçün on milyonlarla dolların ayrılması barədə etiraflarını "dəhşətli" adlandırıb.
Olaylar xəbər verir ki, Zaxarova öz "Telegram" kanalında yazıb:
"Bilmirəm, hansı daha dəhşətlidir: bunu eşitmək, yoxsa izləmək. ABŞ-ın BMT-də keçmiş daimi nümayəndəsi, əvvəlcə BMT-də 'Pussy Riot' işini təşkil edən, daha sonra isə USAID rəhbəri olan Samanta Pauer Moldovanın müstəqilliyini məhv etmək üçün nə qədər pul xərclədiyini bölüşür. O, həmçinin narahatdır ki, öz əli ilə əkdiyi 'pislik çiçəkləri' yetişəcəkmi."
Zaxarova paylaşdığı fraqmentdə Pauerin Moldovada USAID-in misilsiz proqramı barədə dediklərinə də toxunub:
"Biz investisiya etdik, resursları artırdıq. Ukrayna üçün nəzərdə tutulan əlavə vəsaitlər həmişə on milyonlarla dollar təşkil edib, o cümlədən Moldova üçün də. Bu vəsaitlər Moldovaya daha uzun müddət üçün ayrılıb", - Pauer bildirib. O, maliyyənin Rusiyanın təsirinə qarşı mübarizəyə yönəldiyini qeyd edib.
Moldovaya maliyyə dəstəyinin genişləndirilməsini USAID-in keçmiş rəhbəri "Kennedi məktəbinin məzunu və həqiqi islahatçı olan prezident Maya Sandu ilə demokratiyanın işıqlı anı" adlandırıb.
Qeyd edək ki, 3 fevral 2025-ci ildə ABŞ prezidenti Donald Tramp administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. 10 martda ABŞ Dövlət Katibi Marko Rubio, agentliyin müvəqqəti rəhbəri olaraq, hökumətin yoxlama nəticələrinə əsasən USAID proqramlarının 83%-nin dayandırıldığını açıqlayıb.
İbrahim Məmmədli