Pxenyan: “Cənubi Koreya prezidentinin nüvəsizləşdirmə arzusu vəhşi yuxudur” – ÖZƏL

Şimali Koreya Cənubi Koreya prezidenti Li Cae Myunun Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı səylərini "vəhşi yuxu" adlandırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Avqustun 25-də Vaşinqtonda keçirilən Cənubi Koreya-ABŞ sammitinin kənarında Li Cae Myun yarımadanın nüvəsizləşdirilməsini müdafiə edərək, Seulun nüvə silahlarının yayılmaması rejiminə sadiq qalacağını bəyan edib. KCNA isə cavabında bildirib ki, "Şimali Koreyanın nüvə statusu konstitusiyada təsbit olunub və bu siyasətin dəyişməsi üçün dünyada və yarımadada siyasi-hərbi mühitin tamamilə dəyişməsi zəruridir".

Şimali Koreya mətbuatı Cənubi Koreya prezidentinin addımlarını "boş və qeyri-real" adlandıraraq qeyd edib: "Nüvəsizləşdirmə artıq nəzəri, praktiki və fiziki olaraq mövcud deyil. Onu xəstəlik kimi təkrar-təkrar gündəmə gətirmək heç kəsə, o cümlədən Cənubi Koreyaya fayda verməyəcək".

KCNA həmçinin vurğulayıb ki, Seulun Şimali Koreyaya qarşı "düşmənçilik və qarşıdurma" siyasəti hakimiyyətlərin dəyişməsinə baxmayaraq eyni qalır. Məqalədə əlavə olunub: "Onlarla administrasiya dəyişsə də, Cənubi Koreyanın anti-Şimali Koreya siyasəti dəyişməyib. Li Cae Myun hökuməti də istisna deyil".

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq da bəyan etmişdi ki, Vaşinqton Pxenyanın nüvəsizləşdirilməsi məsələsində israr edəcəyi təqdirdə ABŞ ilə dialoq mümkün olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31