SCMP: ABŞ-nin Venesuelaya təhdidləri regionu Çinə yaxınlaşdırır – ÖZƏL
27 Avqust 2025 11:36 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Çin Morning Post qəzetinin redaksiya məqaləsində qeyd olunur ki, Donald Tramp administrasiyasının Venesuelaya qarşı təhdidləri bu ölkəni və qonşularını Çinə daha da yaxınlaşdıra bilər.
Məqalədə vurğulanır ki, ABŞ üç esmines və 4 min dəniz piyadası daşıyan amfibiya dəstəsini Venesuela sahillərinə göndərib. Rəsmi səbəb narkotik kartelləri ilə mübarizə kimi izah olunsa da, Karakas bunu öz suverenliyinə və təhlükəsizliyinə təhdid kimi qəbul edir.
Qəzetin yazdığına görə, Çin 2007-ci ildən bəri Venesuelaya təxminən 67 milyard dollar sərmayə qoyub və bu ölkənin neft ehtiyatlarına ciddi maraq göstərir. ABŞ sanksiyaları səbəbindən ixrac kəskin azalıb. ABŞ-nin təzyiqləri yalnız Venesuelanı deyil, Braziliya və Kolumbiyanı da Pekinə yaxınlaşdıra bilər. Artıq region ölkələrinin çoxu "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulub ki, bu da Vaşinqtonda narahatlıq doğurur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin də açıqlamasında ABŞ hərbi gəmilərinin Venesuela sahillərində patrul etməsinə qarşı çıxdı. O bildirib ki, Pekin BMT Nizamnaməsinə zidd, dövlətlərin suverenliyini və təhlükəsizliyini pozan hərəkətləri qəbul etmir.
Xatırladaq ki, avqustun 19-da "Reuters" ABŞ-nin üç raket esminesini Venesuela sahillərinə göndərməyə hazırlaşdığını xəbər vermişdi. "New York Times" isə yazır ki, prezident Donald Tramp Pentaqona bəzi Latın Amerikası narkotik kartellərinə qarşı hərbi gücdən istifadə etməsi barədə gizli göstəriş imzalayıb.