Ukraynanın Aİ-yə üzvlük danışıqları "yaxın günlərdə" başlaya bilər – ÖZƏL

Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Ukrayna və Moldovanın "danışıqlar klasterinin" açılması barədə qərar yaxın günlərdə və ya həftələrdə qəbul edilə bilər. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Aİ-yə qoşulmasına qoyduğu vetonu geri çəkməyə razı sala bilib. Bu addımın önümüzdəki aylarda iki Şərqi Avropa ölkəsinin üzvlük prosesindəki "çıxılmaz vəziyyəti aradan qaldıracağı" bildirilir. Digər diplomatik mənbə isə Moldovanın danışıqlar prosesinə seçkilər ərəfəsində qoşulmasının düzgün olmayacağını qeyd edib:
"Bəzi dairələr Moldovaya danışıqlar platforması təklif etmək istəyir, lakin bunu yaxınlaşan seçkilər fonunda etmək uzaqgörənlik olmaz və nəticədə əks təsir göstərə bilər," - deyə Avropa diplomatı bildirib.
Qeyd edək ki, Moldovada növbəti parlament seçkiləri 2025-ci il 28 sentyabr tarixində keçiriləcək. Politico-nun əvvəlki məlumatına əsasən, bəzi Aİ ölkələri Moldovanın üzvlük prosesini sürətləndirməklə ölkədəki avropayönlü partiyaları dəstəkləmək niyyətində olub. Hazırda Aİ-yə üzvlük üçün rəsmi namizəd statusuna sahib ölkələr bunlardır: Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Çernoqoriya. Brüssel isə Serbiyaya təzyiq göstərərək, Kosovoya namizədlik statusunun verilməsinə razılıq yaratmağa çalışır ki, bu da əslində bölgənin müstəqilliyinin tanınması anlamına gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31