Tramp Ukraynanın NATO-ya üzvlüyünü niyə dəstəkləmir – eks-CIA rəsmisi səbəbi açıqladı
26 Avqust 22:00 DünyaABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır, çünki bu halda Rusiya ilə ABŞ arasında müharibə təhlükəsi yaranır.
Musavat.com xəbər verir ki, bu fikri "Azadlıq Radiosu"na müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Rusiyaya dair bölməsinin keçmiş rəhbəri Corc Bibi səsləndirib.
Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişəni Rusiya ilə NATO, daha geniş mənada isə Rusiya ilə Qərb arasında qarşıdurma kimi görür. Bibi qeyd edib ki, Tramp digər administrasiya nümayəndələrindən fərqli olaraq NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərindən danışmayıb.
Eks-rəsmisi bildirib ki, ABŞ-ın Ukraynaya qarşı hücumu özünə hücum kimi qəbul edəcəyinə dair müqavilə öhdəliyi götürməsi, yaxud Kiyevi Rusiyadan qorumaq üçün birbaşa hərbi müdaxilə imkanını gündəmə gətirməsi real görünmür:
"Düşünürəm ki, prezident Tramp belə öhdəlikləri istəmir. Bu səbəbdən də Ukraynanın NATO-ya üzvlüyünü arzulamır. Təhlükəsizlik zəmanətləri, müqavilə öhdəlikləri istəyənlər Ukraynalılar və Avropalılardır. Amma şübhə edirəm ki, belə bir təminat alacaqlar", - deyə Corc Bibi vurğulayıb.