Si Cinpin: Çin-Rusiya münasibətləri qlobal sülhün dayağıdır – ÖZƏL
26 Avqust 2025 10:31 DünyaÇin ilə Rusiya arasındakı münasibətlərin sabit şəkildə inkişafı bütün dünyada sülhün mənbəyidir.
Olaylar.az xəbər verir ki, bu fikri Çin Prezidenti Si Cinpin Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə səsləndirib, xəbər Xinhua agentliyi tərəfindən yayımlanıb.
"Çin və Rusiya arasındakı münasibətlər bu gün dəyişən və transformasiya olunan dünyada böyük dövlətlər arasında ən sabit, yetkin və strateji baxımdan əhəmiyyətli əlaqələrdir. Çin-Rusiya münasibətlərinin yüksək səviyyəli inkişafının davamlı təşviqi hər iki xalqın fundamental maraqlarına cavab verir və dünya miqyasında sülhün sabitliyinə xidmət edir", - Si Cinpin vurğulayıb.
O, həmçinin qeyd edib ki, Çin və Rusiya parlamentləri arasındakı əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın ayrılmaz hissəsidir: "Ümid edirik ki, tərəflər idarəçilik və qanunvericilik sahəsində təcrübə mübadiləsində fəal iştirak edəcəklər".
Çin lideri əlavə edib ki, tərəflər strateji qarşılıqlı etimadı dərinləşdirməli, təhlükəsizlik və inkişaf maraqlarını qoruyaraq qlobal Cənub ölkələrini birləşdirməli, multilateralizmə sadiq qalmalı və beynəlxalq nizamın daha ədalətli və rasional istiqamətdə inkişafına töhfə verməlidirlər.