Tramp FED rəhbərlərindən birini vəzifəsindən azad etdi
10:03 DünyaPrezident Donald Tramp ABŞ-ın Federal Ehtiyatlar(FED) Sisteminin Rəhbərlər Şurasının (mərkəzi bank kimi fəaliyyət göstərən FRS) üzvü Liza Kuku ipoteka krediti almaqda saxtakarlıq etdiyinə görə vəzifəsindən azad edib. Olaylar.az xəbər verir ki, o, müvafiq fərmanın mətnini Truth Social-da dərc edib.
İpoteka müqaviləsi bağlayarkən, Kuk Miçiqan ştatındakı yaşayış evinin gələn il onun əsas iqamətgahına çevriləcəyini bildirib. İki həftə sonra, oxşar sənədləri doldurarkən, o, əsas iqamətgahı kimi Corciya əyalətindəki başqa bir mülk göstərib. FED-ə qarşı təzyiqlərə başlayan Tramp bu faktdan onun vəzifədən azad olunması üçün istifadə edib: "İkinci öhdəliyi götürərkən birincidən xəbərsiz olmanız ağlasığmazdır". O, həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri "potensial olaraq cinayət sayıla bilər".
Qeyd edək ki, Tramp və FED arasında münaqişə bir neçə aydır ki, davam edir. ABŞ prezidenti israr edir ki, tənzimləyici baza faiz dərəcəsini azaltmalıdır, lakin FED belə bir addım atmır. Trampa görə, FED federal hökumətin borclanma xərclərini yüksək saxlamaq üçün faizləri azaltmır. Ağ Ev iddia edir ki, FED siyasi maraqlar əsasında idarə olunur və onun Rəhbərlər Şurası Trampa qarşı kəskin mövqedədir. Prezident həmçinin FED sədri Cerom Paueli vəzifəsindən uzaqlaşdırmaq niyyətini ifadə edib, onu istefaya çağırıb və məhkəməyə verməklə hədələyib.
İyulun 30-da FED baza dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxlayıb. Pauel dəfələrlə bəyan edib ki, istefa vermək niyyətində deyil. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır. FED 1913-cü ildə Konqres tərəfindən federal hökumətin tərkibində müstəqil təşkilat kimi yaradılıb. O, rəsmi olaraq prezidentə deyil, birbaşa Konqresə hesabat verir.