Ursula fon der Layen 2027-ci ildə prezident ola bilər - sensasion plan

Almaniya kansleri və Xristian Demokrat İttifaqının (XDU) lideri Fridrix Mers 2027-ci ildə keçiriləcək prezident seçkilərində Avropa Komissiyasının rəhbəri Ursula fon der Layeni namizəd kimi irəli sürməyi nəzərdən keçirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Der Spiegel saytı məlumat yayıb.

Bazar günü Almaniya hökumətinin açıq qapı günündə çıxış edən Mers, 2027-ci ildə dövlət başçısı postuna qadının seçilə biləcəyinə eyham vurub. Mənbələrin sözlərinə görə, o, bu vəzifədə məhz fon der Layeni görür.

Fon der Layen 2024-cü ildə Avropa Komissiyasının sədri postuna yenidən seçilib və 2027-ci ilə qədər mandatı hələ qüvvədə olacaq. Lakin Almaniya prezidenti postu onun siyasi karyerası üçün cəlbedici yekun mərhələ sayıla bilər. Spiegel yazır ki, o, "intellektual dərrakə və ləyaqətə" sahibdir, baxmayaraq ki, emosional açıqlığı kifayət qədər deyil.

Jurnal qeyd edir ki, hazırda alternativ namizədlər demək olar ki, yoxdur. Yeganə ehtimal olunan digər variant - Bavariya Landtaqının sədri İlze Ayqner olsa da, onun irəli sürülməsi Xristian Sosial İttifaqının lideri Markus Zederlə rəqabətə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31