Putinə yaxın olan milyarderin başı dərddə - məhkəməlik oldu

Cənubi Kipr vergi komissarı Sotiris Markides 22 avqust, cümə günü milyarder Roman Abramoviçə məxsus olmuş Blue Ocean Yacht Management şirkətinin sabiq direktorlarına qarşı ittiham irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Markidesin Cyprus Investigative Reporting Network (CIReN)-ə bildirdiyinə görə, vergi yayınması işi ilə bağlı məhkəmə prosesi 2025-ci il 9 oktyabrda Limassol dairə məhkəməsində keçiriləcək. İttiham olunan şəxslərin adları açıqlanmayıb.

Məsələ 25 milyon avro məbləğində ödənilməmiş vergilər və onlara əlavə edilən faiz və cərimələrlə bağlıdır. 2023-cü ildə ləğv edilən Blue Ocean Yacht Management sonradan məhkəmə qərarı ilə bərpa olunub ki, bu da ittihamların irəli sürülməsinə imkan yaradıb.

BBC, OCCRP və Büro jurnalist araşdırmaları daha əvvəl şirkətin Abramoviçin vergidən yayınması məqsədilə istifadə edildiyini ortaya çıxarmışdı. Araşdırmalara görə, milyarderin ən azı beş yaxtası Blue Ocean şirkətinə icarəyə verilib, daha sonra isə bu yaxtalar Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş müxtəlif şirkətlərə çarter əsasında ötürülüb.

Jurnalistlər həmin şirkətlərin formal olaraq bir-biri ilə əlaqəsiz görünsə də, əslində Abramoviçin etibarlı şəxsləri tərəfindən idarə olunduğunu müəyyənləşdiriblər. Bu sxem sayəsində yaxtalar kommersiya lizinqi kimi təqdim olunub və bu da vergi ödənişlərindən yayınmağa imkan yaradıb.

Abramoviçin vəkilləri isə milyarderin "heç bir dövlət orqanını aldatmaq üçün şəxsi məsuliyyət daşımadığını və ya belə bir niyyəti olmadığını" bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31