Krımdan Saxalinə qədər – Rusiya yanacaq böhranında boğulur
18:54 DünyaRusiyanın Saxalin vilayətinin Kuril rayonunda Аİ-92 markalı benzinin satışı tamamilə dayandırılıb.
Musavat.com xəbər verir ki, yerdə qalan az ehtiyat yalnız xüsusi texnika üçün saxlanılır. Yerli hakimiyyət yeni partiyanın gətiriləcəyini vəd etsə də, hələlik adalarda sərt məhdudiyyətlər qüvvədədir.
Benzin qıtlığı artıq təkcə Saxalinlə məhdudlaşmır.
Primoryedə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb, sürücülər gecəyarısına qədər benzin gözləyirlər.
Zabaykal bölgəsində hökumət məcburi olaraq talon sisteminə keçib.
İşğal olunmuş Krımda isə vəziyyət daha kritikdir: yanacaq kəskin defisitə çevrilib, bəzi məntəqələrdə hətta "saatlıq normativ" tətbiq olunur.
Musavat.com bildirir ki, Rusiyanın yanacaq böhranının əsas səbəbi Ukraynanın son aylar intensivləşən hücumlarıdır. Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarına və yanacaq anbarlarına dəfələrlə zərbələr endirib. Nəticədə istehsal gücü azalaraq daxili bazarın təminatı ciddi çətinləşib.
Son günlər Rusiyanın müxtəlif bölgələrində benzin qıtlığı ilə bağlı sosial narazılıq artıq açıq etirazlara çevrilməyə başlayıb. Sosial şəbəkələrdə "benzin üsyanları" adlandırılan etirazlarda sürücülər hökuməti məsuliyyətsizlikdə günahlandırır, yerli idarəçilərin "yalan vədlərinə" qarşı sərt çıxışlar edirlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, enerji istehsalı ilə qlobal bazarlarda təsirini qorumağa çalışan Moskva artıq öz daxilində ciddi yanacaq böhranı ilə üz-üzədir. Əgər vəziyyət qısa müddətdə düzəlməsə, Rusiyada ictimai-siyasi gərginliyin daha da artacağı istisna edilmir.