Mirzoyan: Ermənistan üçün sülh və sabitlik əsas prioritetdir – ÖZƏL

Qafan şəhərində səfərdə olan xarici ölkə səfirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü davam etdiriblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Nazir Mirzoyan 8 avqustda Vaşinqtonda keçirilən görüşlərdə əldə olunmuş razılaşmalara toxunaraq, Ermənistan və Azərbaycan arasında ilkin anlaşmanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölkədə və regionda sülhün təmin olunması Ermənistan üçün əsas prioritetdir.

Ararat Mirzoyan Ermənistanın yeni geosiyasi reallıqda xarici siyasət baxışını təqdim edib, açılan yeni imkanlardan və onların reallaşdırılması üçün görüləcək işlərdən danışıb. O, regionda sülh gündəliyinin davam etdirilməsinin, vətəndaşlar üçün sabit, təhlükəsiz və rifah mühitinin yaradılmasının hökumətin, o cümlədən diplomatik xidmətin başlıca vəzifəsi olduğunu qeyd edib.

Nazir həmçinin regional kommunikasiyaların açılmasının yaradacağı imkanlara, Ermənistanın beynəlxalq nəqliyyat və əməkdaşlıq şəbəkəsinə səmərəli qoşulmasına, habelə Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində görüləcək işlərə diqqət çəkib.

Görüşdə əldə olunmuş uğurlar nəzərdən keçirilib, müxtəlif istiqamətlər üzrə görülən işlər və strateji tərəfdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31