Stubb: Rusiya və Avropa münasibətləri SVO-dan sonra bərpa oluna bilər - ÖZƏL
25 Avqust 2025 11:59 DünyaFinlandiya Prezidenti Aleksander Stubb hesab edir ki, Rusiya ilə Avropa arasında münasibətlərin bərpası yalnız Ukrayna münaqişəsinin ədalətli və davamlı sülhlə başa çatmasından sonra mümkün olacaq. Olaylar.az xəbər verir ki, Stubb bu fikri Aland adalarında, Marienhamnda keçirilən Baltik dənizi Parlament Konfransının açılışında səsləndirib. O bildirib ki, hazırda Baltikyanı ölkələrin Moskva ilə əlaqələri dondurulub:
"Rusiya ilə Avropa arasındakı münasibətlərin hansısa formada bərpası yalnız Ukraynada ədalətli və davamlı sülh əldə olunandan sonra mümkündür. Yeni münasibətlər isə əvvəlki dövrdən tamamilə fərqli olacaq. Tarixi geriyə döndərmək mümkün deyil".
Xatırladaq ki, SVO - Rusiyanın Ukraynada başladığı "xüsusi hərbi əməliyyat"ın qısaltmasıdır. Rəsmi Moskva bu hərbi əməliyyatı "müharibə" deyil, "xüsusi hərbi əməliyyat" adlandırır. Finlandiya Prezidenti dəfələrlə bəyan edib ki, SVO-nun başa çatmasından sonra Rusiya ilə əlaqələrin bərpası gündəmə gələ bilər. O, hələ 2025-ci ilin aprelində Londonda keçirilən mətbuat konfransında vurğulamışdı ki, Helsinki "Moskva ilə münasibətlərin yenilənməsinə mənəvi cəhətdən hazır olmalıdır". Stubb həmçinin Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrin bərpası imkanlarını müzakirə etdiyini qeyd etmişdi.