Ukrayna kəşfiyyatı SENSASİON məlumat yaydı: Moskva dron ordusu QURUR
23 Avqust 22:59 DünyaRusiya hər ay 6 mindən artıq "Şahed" tipli hücum dronu istehsal etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə CNN Ukrayna hərbi kəşfiyyatına istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyada bu PUA-ların istehsalı müharibənin ilk illərində Tehrandan alınan modellərlə müqayisədə xeyli ucuz başa gəlir. Belə ki, 2022-ci ildə Moskva bir ədəd drona orta hesabla 200 min dollar ödəyirdisə, 2025-ci ildə bu rəqəm təxminən 70 min dollara qədər enib. Bu isə Tatarıstandakı "Alabuqa" zavodunda genişmiqyaslı istehsalın nəticəsidir.
Mütəxəssislərin sözlərinə görə, Rusiyanın hücum dronlarının hədəfi vurma faizi də artıb. Əgər 2024-cü ildə bu göstərici 10 faizdən az idisə, 2025-ci ilin aprelindən etibarən təxminən 20 faizə yüksəlib. Bu barədə Strateji və Kəşfiyyat Xidmətləri Mərkəzinin (CSIS) analitiki Yaser Atalan məlumat verib.
Onun sözlərinə görə, burada əsas məsələ konkret dronun hədəfi vurub-vurmaması deyil, ümumilikdə bu silahların mülki əhaliyə təsiri və Ukraynanın hava hücumundan müdafiə sistemlərinə yaratdığı gərginlikdir.
"Rusiyanın taktikası daimi təzyiqi saxlamaqdır. Onların strategiyası getdikcə daha çox aşındırma üzərində qurulur", - Atalan CNN-ə bildirib.