102-ci bazanın çıxmasını Bakı və Ankara istəyir?

Ermənistanda "Respublika naminə" partiyası və tərəfdarları Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında etiraz aksiyası keçirib.

Musavat.com bu barədə Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını tələb ediblər.

"Respublika naminə" partiyasının sədri Armen Babacanyan deyib ki, Rusiya bazası Ermənistanın təhlükəsizliyini təmin etmədiyi üçün ölkə ərazisində qalmasının əhəmiyyəti qalmayıb. Onun fikrincə, ölkənin təhlükəsizliyini öz silahlı qüvvələri təmin etməlidir.

"Ermənistanın təhlükəsizliyini xarici dövlət əsasında qurmaq olmaz. Bu gün suverenliyi bərpa etmək üçün ən mühüm addım Rusiya hərbi bazası ilə vidalaşmaqdır. Ermənistanın müstəqilliyi və təhlükəsizliyi siyasətdən və çoxtərəfli ittifaqlardan asılı olmayaraq, ölkənin əsl təhlükəsizliyini onun öz silahlı qüvvələri təmin edir" deyə, Babacanyan bildirib.

Maraqlıdır ki, bu gün müxalif "Ana Ermənistan" Partiyası da Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının müdafiəsi üçün etiraz aksiyası təşkil edib.

Aksiyanın təşkilatçısı, partiya sədri Andranik Tevanyan tərəfdarlarını baş verənlərə boyun əyməməyə çağırıb.

Tevanyan Nikol Paşinyan hökumətini Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa çalışmaqda ittiham edib. Partiya rəhbəri 102-ci bazanın ölkədə qalmalı olduğunu bildirib.

Tevanyan Ermənistan hakimiyyəti tərəfindən dəstəklənən qərbpərəst qüvvələrin bazanın çıxarılması üçün səfərbər olunduğunu iddia edib.

Polis aksiyanın Rusiya hərbi bazası yaxınlığında keçirilməsinə icazə verməyib, bu səbəbdən tədbir şəhərin ayrı istiqamətində təşkil olunub.

Gümrüdəki 102-ci hərbi bazanın çıxarılması tələbi ilə aksiya təyin ediləndən dərhal sonra həm Rusiya, həm Ermənistan mediasında anti-kampaniya başlayıb. İddia olunur ki, guya anti-Rusiya qüvvələrinin bu aksiyasına hökumət də dəstək verir, məsələn, etirazçılar hətta əraziyə xüsusi nəqliyyatla ayrılıb.

O da iddia olunub ki, Gümrü sakinləri bu etiraz aksiyasına dəstək vermir. Çünki bazanın Gümrünün ticarət və xidmət sektorunda 50 faizə qədər payı var, onlarımn gedişi şəhərin iqtisadiyyatına ciddi ziyan vura bilər. Revanşist erməni müxalifəti bazanın çıxarılması tələbinin arxasında "Türkiyə-Azərbaycan tandeminin dayandığı" barədə hekayələr uydurublar. Erməni müxalifəti iddia edir ki, son vaxtlar Rusiyanın Gümrü bazasında hərbi kontingentin və texnikanın sayının artırılması barə informasiyaları qəsdən yayıblar.

"Gümrüdəki hərbi bazaya qarşı etiraz aksiyası və onu gözdən salmaq kampaniyası Ermənistan hakimiyyətinin tam razılığı ilə həyata keçirilir. Nikol Paşinyan uzun müddətdir ki, bölgədə Rusiyanın mövcudluğu ilə bir araya sığmayan türk və qərbyönlü siyasət aparır. Deməli, 102-ci bazaya qarşı kampaniya Ermənistanın siyasi həyatında növbəti mərhələdir" deyə, revanşistlərə yaxın media yazır.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının əsasında yaradılan 102-ci baza İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit-raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdnində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Bununla yanaşı Ermənistanın Türkiyə və İranla sərhəddinin əsas hissəsini Rusiya sərhədçiləri qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31