Ukraynada demoqrafik FƏLAKƏT: Gələcək nəsil təhlükədədir

Müharibə nəticəsində Ukraynanın əhalisi təxminən 10 milyon nəfər azalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Frontliner" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci ilin əvvəlində ölkədə 40 milyondan çox insan yaşayırdı. 2024-cü ilin ortalarında isə bu göstərici 35,8 milyon nəfərə enib. Onlardan yalnız 31,1 milyonu Ukraynanın nəzarətində olan ərazilərdə yaşayır.

Təxminən 5 milyon nəfər ölkədən kənarda, əsasən Avropa ölkələrində məskunlaşıb. Onların çoxu Polşa, Almaniya, Çexiya, İtaliya və İspaniyada yaşayır.

2023-cü ildə ölkədə 495 min ölüm qeydə alınıb ki, bu da müharibədən əvvəlki dövrlə müqayisədə üçdəbir çoxdur. Hər 100 doğuma qarşılıq 280 ölüm düşür.

Həmin il cəmi 180 min uşaq dünyaya gəlib. Bu, Ukraynanın müasir tarixində ən aşağı göstərici sayılır. Səbəblər arasında müharibənin yaratdığı təhlükə, iqtisadi çətinliklər və gələcəyə inamsızlıq göstərilir.

Hazırda əhalinin 15%-ni 18 yaşadək uşaqlar, 27%-ni isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Ekspertlərin qənaətinə görə, kütləvi miqrasiya, rekord səviyyədə ölüm, doğumun azalması və əhalinin qocalması Ukraynanın gələcəyi üçün ciddi çağırışlar yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31