Hərbi əməliyyatların ikinci mərhələsi başladı: məğlubiyyət qaçılmazdır!

İsrail müdafiə naziri İsrail Katzın açıqlamaları son günlər Qəzzada baş verən qarşıdurmanın gedişatına dair mühüm siqnallar verir. Katzın sözlərinə görə, "Cəhənnəmin qapıları Qəzzada HƏMAS təcavüzkarlarının başları üzərində açılacaq və onlar İsrailin müharibəni dayandırmaq və bütün girovları azad etmək şərtləri ilə razılaşana qədər açıq qalacaq".

Bu bəyanat İsrailin HƏMAS üzərində tam üstünlük iddiasını nümayiş etdirir, eyni zamanda hələ də atəşkəsin pozulması ilə müşayiət olunan qeyri-sabitlik şəraitini göstərir. Ekspertlər bildirirlər ki, İsrail HƏMAS-ın hərbi və siyasi fəaliyyətlərini məhdudlaşdırmaq, həmçinin girov məsələsində maksimum təzyiq yaratmaq niyyətindədir. Digər tərəfdən, atəşkəsin qısa müddətdə pozulması, həm Qəzzada, həm də regionda tərəflər arasında davamlı sülhün hələ də təmin edilmədiyini ortaya qoyur.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail "Gideon arabaları" əməliyyatının, yəni Qəzzanı işğal əməliyyatının ikinci fazasını başladıb:

"Məqsəd zolağın qalan 25 faizini ələ keçirməkdir. Buraya Qəzza şəhərinin özü və zolağın mərkəzində yerləşən bir neçə qaçqın düşərgəsi daxildir. Yəni Qəzza zolağı tamamilə nəzarətə götürüləcək, HƏMAS və İslami Cihad kimi qruplar fiziki olaraq sıradan çıxarılacaq. Əlbəttə, HƏMAS da müqavimətə hazırlaşır. Aydındır ki, HƏMAS küncə sıxışdırılıb və son gücünə qədər müqavimət göstərəcək.

kenan rovsenoglu 1

Kənan Rövşənoğlu

Hazırda İsrail hökumət kabineti üzərində ciddi daxili və beynəlxalq təzyiq mövcuddur. ABŞ hakimiyyəti də atəşkəs üçün Netanyahuya təzyiq edir. Lakin bu, yetərli deyil və bunu bildiyi üçün Netanyahu və onun sağçı komandası dayanmaq istəmir. Çünki bir daha belə fürsət yaranmaya bilər. Buna görə də əməliyyatı davam etdirməkdə qərarlıdırlar.

Lakin aydın məsələdir ki, hətta atəşkəs olmasa belə, Qəzzanı tamamilə ələ keçirmək elə də asan olmayacaq. HƏMAS hələ uzun müddət müqavimət göstərəcək. İsrail Müdafiə Naziri əlavə 60 min ehtiyat hərbçini sentyabrda xidmətə çağırıb, bu da onu göstərir ki, Qəzzada atəşkəs olmasa belə, hərbi əməliyyatlar bir neçə ay davam edə bilər.

İsrailin əsas üstünlüyü hava və artilleriya gücüdür. Lakin Qəzza şəhərinin və qaçqın düşərgələrinin xarabalıqları içərisində sürətli qələbə əldə etmək asan deyil. HƏMAS hələ uzun müddət ciddi və sərt müqavimət göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31