ABŞ-nin Arktikada üstünlük əldə etməyə çalışması gərginliyi artırır – ÖZƏL
13:40 DünyaŞanxay RimPac Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və Akademik Komitənin müavini Çjan Yao hesab edir ki, ABŞ-nin Arktikada artan hərbi fəaliyyəti bu bölgədə konflikt riskini yüksəldir.
Olaylar.az xəbər verir ki, Global Times-da dərc olunan məqaləsində o bildirib ki, ABŞ Arktikayı böyük güclərin rəqabət arenası kimi görür və üstünlüyünü qorumaq üçün hərbi vasitələrdən daha çox istifadə edir. Bu isə bölgəni yeni geopolitik qarşıdurma nöqtəsinə çevirir və gərginliyi artırır.
Çjan Yao vurğulayıb ki, ABŞ Arktikayı öz "heqemonik sahəsi" kimi görür, halbuki BMT Dəniz Hüququ Konvensiyası və digər beynəlxalq müqavilələr çərçivəsində Çin və digər ölkələr bu bölgədə elmi tədqiqatlar və qanuni fəaliyyətlər həyata keçirməyə tam hüquqludur. ABŞ-nin Çin və digər ölkələrin fəaliyyətlərinə göstərdiyi həddən artıq reaksiya "klassik heqemonik düşüncəni" əks etdirir.
Ekspert qeyd edib ki, ABŞ Arktikanın hərbiləşdirilməsinə daha çox diqqət ayırır, Rusiya və Çinin burada olması ABŞ tərəfindən təhlükə kimi qiymətləndirilir. O, Pentaqonun bölgədə tez-tez hərbi təlimlər keçirdiyini və ABŞ-nin "Çin təhdidi"ni şişirdərək təqdim etdiyini bildirib. Alaskada yerləşən ABŞ hərbi bazalarının inkişaf etmiş silahlarla təchiz olunmasının NATO ilə Rusiya arasındakı qarşıdurmanı dərinləşdirdiyi vurğulanıb.
Çjan Yao həmçinin qeyd edib ki, Tramp administrasiyası dövründən ABŞ-nin Arktikaya diqqəti artıb. Bu maraq həm də iqtisadi məqsədlərlə bağlıdır: bölgənin zəngin enerji və nadir torpaq metallarının ehtiyatları ABŞ-nin enerji siyasətinə uyğun gəlir. ABŞ-nin hərbi yerləşdirmələri həm də Rusiyanı nəzarətdə saxlamaq üçün strateji vasitə hesab olunur.