Ukraynada ölkədən qaçmağa cəhd edənlərə 3 il həbs cəzası olacaq - ÖZƏL
22 Avqust 2025 12:20 DünyaUkrayna Nazirlər Kabineti parlamentə ölkədən qaçmağa cəhd edənlər üçün ciddi cəzalar nəzərdə tutan yeni qanun layihəsi təqdim edib. Olaylar.az xəbər verir ki, layihəyə əsasən, sərhədi qanunsuz keçməyə cəhd edən şəxslər üç ilədək azadlıqdan məhrum edilə bilərlər.
Hazırda Ukraynada belə hallara görə yalnız inzibati məsuliyyət mövcuddur - 206 dollara qədər cərimə və ya 15 sutkayadək həbs. Yeni layihə isə cərimələrin 51 min - 170 min qrivna (1,2-4,1 min dollar) arasında artırılmasını və üç ilədək həbs cəzasının tətbiqini nəzərdə tutur. Bundan əlavə, qaçış zamanı sərhəd infrastrukturuna zərər vurmaq da əlavə olaraq üç ilədək həbs cəzası ilə nəticələnə bilər. Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan olunub və dəfələrlə uzadılıb. Bu müddət ərzində kişilərin ölkədən çıxışı qadağan edilib, çağırış vərəqələri dövlət qurumlarında, küçələrdə və ictimai yerlərdə paylanır. Ukrayna mediası mütəmadi olaraq qeyri-qanuni yollarla sərhədi keçmək istəyənlər barədə məlumatlar yayır. Buna baxmayaraq, ölkədən qaçmaq üçün cəhdlərin kütləviləşdiyi bildirilir.