Pezeşkian: ABŞ İranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozub - ÖZƏL

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin iyunda İranın nüvə obyektlərinə hücum etməsini beynəlxalq hüququn norma və prinsiplərinin tam şəkildə pozulması kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Belarus lideri Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirib. "ABŞ bütün beynəlxalq normaları pozaraq İranın nüvə obyektlərinə hücum etdi. Onlar beynəlxalq hüququ və ümumqəbul olunmuş qaydaları ayaq altına atdılar. İran İslam Respublikası heç vaxt heç bir ölkəyə qarşı müharibə açmayıb. Lakin biz hücumların hədəfi olarkən cavab verməyə məcbur olduq. Biz anlayırıq ki, kollektiv Qərb Yaxın Şərqdə dominantlıq etmək istəyir. Bu hücumlar yalnız İrana deyil, bütün müstəqil ölkələrə qarşı yönəlmişdi," - deyə Pezeşkian bildirib.
Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazilərinə hərbi əməliyyat başlayıb. Bir gün ərzində İran cavab hücumu həyata keçirib. ABŞ isə hadisələrin gərginləşməsindən doqquz gün sonra münaqişəyə qoşularaq Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən İran nüvə obyektlərinə zərbələr endirib.
İyunun 23-də İran Qətərdə yerləşən ABŞ-nin ən böyük aviabazasını, Əl-Udeydi hücum edib. Ardınca ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs razılığı əldə etdiyini elan edib. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31