Netanyahu: Makronun Fələstini tanımaq planı antisemitizmi alovlandırır – ÖZƏL
12:49 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makrona məktub göndərərək onun BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin dövlətini tanımağa hazır olması barədə bəyanatını kəskin tənqid edib.
Olaylar.az xəbər verir ki, Politico-nun yaydığı məlumata görə, Netanyahu Makrona ünvanladığı məktubda bildirib: "Sizin Fələstin dövlətinin yaradılmasına çağırışınız antisemitizm alovunu daha da gücləndirir."
Baş nazir məktubunda son aylarda Fransada baş verdiyini iddia etdiyi "antisemit hadisələr"i xatırladaraq, bunların Parisin İsrailə qarşı siyasəti ilə bağlı olduğunu vurğulayıb. O əlavə edib ki, Fransa hökumətinin mövqeyi HƏMAS-ı terroru davam etdirməyə həvəsləndirir, girovların azad edilməsini çətinləşdirir, fransalı yəhudilərə qarşı təhdidləri artırır və küçələrdə antisemit nifrəti dərinləşdirir.
Fransa Prezident Administrasiyası isə Netanyahunun iddialarını "səhv, iyrənc" adlandırıb və bunun cavabsız qalmayacağını bəyan edib.
Xatırladaq ki, Emmanuel Makron iyulun 24-də X sosial şəbəkəsində yazaraq, Fransa hökumətinin sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanıyacağını açıqlamışdı.