Politico: Makron və Starmerin siyasi zəifliyi Ukraynaya qoşun göndərməyə mane olur - ÖZƏL
11:23 DünyaFransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya qoşun göndərmək planını reallaşdıra bilməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Avropa nəşri Politico məlumat yayıb. Mənbələrə istinadən bildirilir ki, Makron və Starmerin "siyasi zəifliyi" bu təşəbbüsün həyata keçirilməsinə imkan vermir. "Hazırda onlar üçün iqtisadi baxımdan da asan dövr deyil. Ona görə bu planın necə reallaşacağı aydın deyil", - Avropa İttifaqının adının açıqlanmasını istəməyən diplomatı deyib. Xəbərdə qeyd olunur ki, Aİ-də yaxın müttəfiqlər də Ukraynaya qoşun göndərilməsi ideyasına skeptik yanaşır. Almaniya Bundestaqının Sosial-demokrat Partiyasından olan deputatı Andreas Şvarts vurğulayıb ki, ölkənin "böyük kontingent üçün kifayət qədər şəxsi heyəti yoxdur" və hətta kiçik hərbi qüvvələrin göndərilməsi belə problem yarada bilər. Polşa da öz növbəsində qoşun göndərməyə hazırlaşmır. Rəsmi Varşava bildirir ki, bu addım ölkə daxilində mövcud hərbi qüvvələrin zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, avqustun 19-da Ukrayna ilə bağlı iki görüş keçirilib - "istəklilər koalisiyası" liderlərinin telekonfransı və Aİ-nin onlayn sammiti. Hər iki tədbirdə Alyaskada baş tutan Rusiya-ABŞ sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampla Volodimir Zelenski və bir sıra Avropa liderləri arasında aparılan danışıqlar, həmçinin döyüşlərin başa çatmasından sonra Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri müzakirə olunub.