Tiqran Abramyan: Qarabağ mübarizəsi yeni reallıqlara uyğun qurulmalıdır – ÖZƏL
11:00 DünyaErmənistan parlamentinin müxalifət deputatı, Respublikaçı Partiyanın üzvü Tiqran Abramyan Qarabağla bağlı mövqeyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, o, "Facebook" səhifəsində yazıb ki, Qarabağ məsələsinə yanaşma bu günün reallıqlarına uyğun şəkildə dəyişdirilməlidir.
Deputatın sözlərinə görə, Qarabağ xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsi uzun müddət Azərbaycan narrativləri üzərindən "ərazi mübahisəsi" kimi təqdim olunub. Abramyan bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra o, Qarabağla bağlı qərar qəbul edə bilməyəcəyini açıqlayıb, daha sonra isə 2020-ci il 9 noyabr bəyanatı, 2022-ci ilin oktyabr razılaşmaları, Praqa sammiti və Vaşinqton danışıqları kimi sənədlərə imza atıb.
"Qarabağ məsələsi heç vaxt sadəcə ərazi mübahisəsi olmayıb. Qarabağ xalqı o dövrün sovet qanunvericiliyi və beynəlxalq hüquqa əsaslanaraq öz müqəddəratını təyinetmə yoluna çıxıb. Qarabağ mövzusu yalnız xalqın mübarizəsi dayandıqda bağlana bilər, hazırda isə bu mübarizə bütün erməniliyin dəstəyi ilə davam edir", - deyə Abramyan vurğulayıb.
O əlavə edib ki, əvvəlki hakimiyyətlər Qarabağın təhlükəsizliyinin qarantı kimi çıxış edirdi, indiki hökumət isə "fərqli ideoloji və dəyərlər müstəvisində" hərəkət edərək bu mövzudan uzaqlaşır.