Tramp sərhəd divarının qara rəngə boyanmasını əmr etdi - ÖZƏL

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə inşa olunan divarın qara rəngə boyanması barədə göstəriş verib. Olaylar.az xəbər verir ki, bu barədə daxili təhlükəsizlik naziri Kristi Noem jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, divarın qara rəngə boyanması günəşin təsiri ilə səthin daha da qızmasına və bunun da qeyri-qanuni miqrantların divarı aşmasını çətinləşdirəcəyinə hesablanıb:
"Əgər arxamda duran divara baxsanız, görərsiniz ki, o kifayət qədər hündürdür və demək olar ki, aşmaq mümkün deyil. İndi isə prezidentin göstərişi ilə onu qara rəngə boyayacağıq. İsti havada qara rəng daha çox qızır və divara toxunmaq çətinləşir. Bu isə qeyri-qanuni yollarla ABŞ-ə keçməyə mane olacaq".
Nazir həmçinin bildirib ki, Konqres tərəfindən qəbul edilən yeni büdcə qanunları sərhəddə tikinti işlərinin genişlənməsini nəzərdə tutur. Onun sözlərinə görə, hər gün müdafiə xətti təxminən bir kilometr uzadılır. Kristi Noem əlavə edib ki, yaxın vaxtlarda sərhəddə su maneələrinin də quraşdırılması planlaşdırılır, lakin bu tədbirin yalnız çay və göllərə, yoxsa Meksika ilə dəniz sərhədinə də aid olub-olmadığını açıqlamayıb.
ABŞ Sərhəd Patrul Xidmətinin rəhbəri Mayk Benks isə qeyd edib ki, divarın qara rəngə boyanması həm də metal konstruksiyanı korroziyadan qoruyacaq. Bundan əlavə, sərhəddə işıqlandırma, videomüşahidə sistemləri və seysmik sensorların da quraşdırılacağı bildirilib.
Xatırladaq ki, Meksika ilə sərhəd divarının inşası Trampın 2016-cı il seçki kampaniyasında verdiyi əsas vədlərdən biri olub. Mart ayında vitse-prezident Cey Di Vens divarın tam tikintisinin Trampın ikinci prezidentlik müddətinin sonuna - 2029-cu ilə qədər başa çatacağını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31