Lukaşenko və Pezeşkian regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək - ÖZƏL

Avqustun 20-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə İran Prezidenti Məsud Pezeşkian arasında rəsmi danışıqlar keçiriləcək. İran lideri avqustun 19-da rəsmi səfərlə Minskə gəlir. Olaylar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın "Pervogo" Teleqram kanalı məlumat yayıb. Məlumata görə, görüş Müstəqillik Sarayında həm dar, həm də geniş formatda baş tutacaq. Danışıqlardan sonra iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Tərəflərin əsas müzakirə mövzuları ticarət, investisiya və sənaye əməkdaşlığı, elm, texnologiya və təhsil sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi olacaq. Bundan başqa, Belarus və İran beynəlxalq təşkilatlar - o cümlədən ŞƏT, BRİKS və BMT çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olacağı bildirilir.
Qeyd edək ki, İrana rəhbərlik edən Pezeşkian Belarus səfərindən əvvəl Ermənistanda olub. Lukaşenko daha əvvəl Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında bildirib ki, Pezeşkian iyunda Minskdə keçirilən sammitdə Aİİ-də müşahidəçi dövlətin nümayəndəsi kimi ilk dəfə iştirak etməli idi, lakin Yaxın Şərqdə münaqişənin gərginləşməsi səbəbindən bu mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31