Kipr Qəzza üçün 1,200 ton humanitar yardım göndərdi - ÖZƏL

Kipr Xarici İşlər Nazirliyi avqustun 19-da bəyan edib ki, Qəzza üçün nəzərdə tutulan 1,200 ton humanitar yardım dəniz yolu ilə İsrailin Aşdod limanına göndərilib. Olaylar.az xəbər verir ki, nazirliyin məlumatına görə, əvvəlcədən yoxlanılmış yüklər Aşdoda çatdıqdan sonra əlavə təhlükəsizlik yoxlamasına məruz qalmayacaq. Yardımın son bölgüsünü beynəlxalq humanitar təşkilat World Central Kitchen həyata keçirəcək. Bütün proses BMT-nin çatdırılma mexanizmi çərçivəsində aparılır.
Qəzza artıq iki ilə yaxındır İsrailin quru və hava əməliyyatlarının hədəfindədir. Yerli səhiyyə orqanlarının məlumatına görə, bu müddətdə 61 mindən çox fələstinli həlak olub. Müharibə bölgədə aclıq böhranını da dərinləşdirib, 200-dən çox insan isə qida çatışmazlığından həyatını itirib.
Kipr və Malta yardımın əsas hissəsini təmin edib. ABŞ, İtaliya, Kuveyt və Malta Suveren Ordeni də prosesə qatılıb. Əməliyyatın həyata keçirilməsində Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi həlledici olub. Kipr daha əvvəl də Qəzzaya yardım tranziti üçün istifadə olunub. Xarici İşlər Nazirliyi bildirib ki, adadakı imkanlar beynəlxalq ictimaiyyətin ixtiyarındadır və əlavə humanitar kanal kimi fəaliyyət göstərə bilər. Hazırda Qəzzada atəşkəsə nail olmaq üçün 60 günlük danışıqlar aparılır. İyulun sonunda baş tutan görüşlər isə nəticəsiz qalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31