“Ermənistan XİN-in illik toplantısı bu dəfə Sünikdə keçiriləcək” – ÖZƏL
19 Avqust 2025 11:24 DünyaErmənistan Xarici İşlər Nazirliyinin illik toplantısı - adətən "avqust müşavirəsi" və ya "səfirlər toplantısı" adlanan tədbir - bu il 25-27 avqust tarixlərində Sünik vilayətinin Qafan icmasında keçiriləcək. Olaylar.az xəbər verir ki, məlumatı "Qraparak" qəzeti yayıb.
Nəşrin yazdığına görə, Sünikin seçilməsi təsadüfi deyil. Vaşinqtonda imzalanmış "Tramp marşrutu" adlı sazişdən sonra bölgə və burada nəzərdə tutulan "maneəsiz yol" məsələsi Ermənistanın xarici siyasətində ən mübahisəli və həssas məqamlardan biridir.
Qəzet qeyd edir ki, ehtimal ki, səfirlər məhz bu məqsədlə Sünikə aparılacaq, onlara ərazini göstərərək "Sünik dəhlizi"nin diplomatik cəhətdən necə təqdim olunması barədə təlimatlar veriləcək. Məqsəd - bunun Ermənistanın suverenliyinə xələl gətirmədiyi təəssüratını yaratmaqdır.
Məlumatlara görə, həmin günlərdə ölkədə akkreditə olunmuş xarici diplomatların da Sünikə səfəri gözlənilir. Onların da ərazi ilə tanış ediləcəyi bildirilir. Bununla belə, sazişin detalları barədə dəqiq məlumatı hətta sənədi imzalayan şəxslərin də tam bilmədiyi vurğulanır.
Qraparak yazır ki, hələlik Baş nazir Nikol Paşinyanın toplantıda iştirakına dair rəsmi təsdiq yoxdur, amma onun diplomatlarla görüş fürsətini qaçırmayacağı gözlənilir. Qəzet bildirir ki, Qafan və yaxın şəhərlərdəki mehmanxanaların otaqları görüşdən ən azı bir həftə əvvəlcədən tam sifariş olunub.
Xatırladaq ki, əvvəlki illərdə XİN-in belə toplantıları Diliçanda, Cermukda və Qarabağda keçirilib.