Politico: Avropa İttifaqı Ukraynaya daha çox diqqət ayırır, Qəzza isə kölgədə qalır - ÖZƏL

Avropa İttifaqının (Aİ) Ukraynaya göstərdiyi diqqət və dəstək, Qəzzadakı humanitar böhranla müqayisədə daha qabarıq görünür. Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Arminka Heliç və "Refugees International" təşkilatının prezidenti Ceremi Konindik "Politico" nəşrində dərc olunan məqalələrində bildiriblər. Onların sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri dəfələrlə Kiyevə səfər edərək həmrəylik nümayiş etdiriblər, lakin indiyədək heç biri Qəzzaya baş çəkməyib. Müəlliflər hesab edirlər ki, Aİ-nin yeni xarici siyasət rəhbəri Kaya Kallas şəxsən Qəzzaya səfər etməli, dağıntıları öz gözləri ilə görməli və vəziyyətlə bağlı bəyanat verməlidir. Ekspertlər həmçinin qeyd ediblər ki, Aİ-nin İsrailə təsir etmək üçün iqtisadi rıçaqları var, lakin indiyədək bu imkanlardan istifadə olunmayıb. Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır və İsrail bazarının üçdə birini təşkil edir. Eyni zamanda, İsrail Aİ bazarında cəmi 1%-lik paya sahibdir. Bununla yanaşı, iyulun 28-də Avropa Komissiyası İsrailin "Horizon Europe" elmi-tədqiqat proqramında iştirakının dayandırılmasını tövsiyə edib. Brüsseldə bu qərarı İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququ və insan haqlarını pozması ilə əsaslandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31