Tramp Putinə Vaşinqton görüşlərinin nəticələrini təqdim etdi - ÖZƏL
19 Avqust 2025 10:25 DünyaABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və Vaşinqtonda keçirilən danışıqların nəticələrini onunla bölüşüb. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və 40 dəqiqə davam edib. Uşakov bildirib ki, danışıqlar səmimi və kifayət qədər konstruktiv keçib. Tərəflər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa təmasların davam etdirilməsinə dəstək ifadə ediblər. Həmçinin, Moskva və Kiyev arasında görüşlərin daha yüksək səviyyəyə qaldırılması imkanının müzakirəsi barədə razılıq əldə olunub.
"Vladimir Putin və Donald Tramp Ukrayna məsələsi, eləcə də beynəlxalq və ikitərəfli gündəliyin digər aktual mövzuları üzrə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldilər", - deyə Uşakov vurğulayıb.
O əlavə edib ki, Putin ABŞ prezidentinin Ukraynada sülhün təmin olunması istiqamətində şəxsi səylərinə böyük önəm verir. Kreml rəhbəri həmçinin əldə olunmuş irəliləyişə, 15 avqustda Alyaskada təşkil edilən görüşə və tədbirin yüksək səviyyədə təşkilinə görə Trampa təşəkkürünü bildirib.
Qeyd edək ki, 18 avqustda Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib. İkili görüşdən sonra danışıqlara Avropa liderləri də qoşulub: Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Finlandiya prezidenti Aleksandr Stabbs, İtaliya baş naziri Corciya Meloni, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen.