ABŞ dövlət katibi: “Ukrayna münaqişədən sonra təhlükəsizlik sazişləri bağlamaq hüququna malikdir” – ÖZƏL
19 Avqust 2025 10:23 DünyaABŞ dövlət katibi Marko Rubio bildirib ki, münaqişə başa çatdıqdan sonra Ukrayna yalnız ABŞ və Avropa ölkələri ilə deyil, digər dövlətlərlə də təhlükəsizlik sazişləri bağlamaq hüququna sahibdir.
Olaylar.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində deyib.
Rubionun sözlərinə görə, hər bir suveren ölkənin müdafiə ittifaqlarına qoşulmaq hüququ var və bu, təkcə NATO ilə məhdudlaşmır. ABŞ-nin Cənubi Koreya və Yaponiya ilə, eləcə də ayrı-ayrı ölkələrin bir-biri ilə analoji alyansları mövcuddur.
"Bunu hamı qəbul edir - hətta Rusiya tərəfi də prezident Trampın təklifi və ya təzyiqi altında ilk dəfə etiraf etdi ki, Ukraynanın münaqişədən sonra təhlükəsizlik sazişləri bağlamaq hüququ var", - deyə ABŞ dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, hazırda ABŞ Avropa və qeyri-Avropa müttəfiqləri ilə mövqeləri koordinasiya edir ki, belə təhlükəsizlik təminatları yaradılıb sülh sazişində təsbit edilsin.
Rubio əlavə edib ki, Ukrayna üçün ən güclü təhlükəsizlik zəmanəti güclü ordudur. O həmçinin bildirib ki, ABŞ artıq Ukraynaya silahı pulsuz təqdim etmir - bundan sonra Avropa ölkələri NATO vasitəsilə Kiyevin silah almasına və təchizatına dəstək göstərir.