Slovakiya hökuməti: “Ukraynaya dövlət ehtiyatlarından bir güllə də göndərməyəcəyik” – ÖZƏL

Slovakiya hökuməti özəl silah şirkətlərinin Ukraynaya məhsul satmasını qadağan edə bilməz. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin dövlət katibi İqor Melixer Politico-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Slovakiya Avropa İttifaqına ortaq dəyərlərə görə üzv olub və azad bazara hörmət edir:
"Bu səbəbdən müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin işini məhdudlaşdırmaq ikili standart olardı".

Melixer vurğulayıb ki, Slovakiyada istehsal olunan hərbi texnikanın böyük hissəsi birbaşa Ukraynaya deyil, Qərb tərəfdaşlarına satılır və sonrakı qərarı onlar verirlər.

O, həmçinin xatırladıb ki, Slovakiya hökuməti vətəndaşlarına dövlət anbarlarından Ukraynaya heç bir güllə göndərməyəcəyi barədə söz verib və bu vədi indiyədək yerinə yetirir. Bratislavanın Kiyevə yardımı əsasən ölümcül olmayan vasitələr və enerji infrastrukturuna aid komponentlərdən ibarətdir.

Qeyd edək ki, Slovakiya 2024-cü ilin oktyabrında dövlət ehtiyatlarından hərbi yardım göstərməkdən imtina edib. Hazırda Ukraynaya təchizatlar yalnız kommersiya əsaslı həyata keçirilir. Ölkənin hərbi sənaye müəssisələri 155 mm-lik sursat, "Zuzana 2" özüyeriyən haubitsalar, radioelektron mübarizə vasitələri və rabitə sistemləri istehsal edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31