İran və MAQATE arasında yeni danışıqlar gözlənilir - ÖZƏL
13:18 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib ki, yaxın günlərdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE ) nümayəndələri arasında növbəti danışıqlar keçirilə bilər. 11 avqustda Tehranda baş tutan görüşlərdə İran və MAQATE rəsmiləri arasında İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib. İranın Xarici İşlər Nazirliyinin müavini Kazım Qəribabadi görüşdə MAQATE- nin baş müavini Massimo Aparo ilə Tehran və agentlik arasındakı əməkdaşlıq formatını müzakirə etdiklərini açıqlayıb. Qəribabadi həmçinin MAQATE- nin İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumlar zamanı öhdəliklərini yerinə yetirməməsinə etiraz etdiklərini qeyd edib. İranın nüvə obyektlərinə edilən hücumları MAQATE- nin qınamaması ölkədə tənqidlərə səbəb olub və agentliyin fəaliyyətinin politizə olunması ittihamlarına yol açıb. 2 iyul tarixində İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanunu imzalayıb. 22 iyulda isə İran Xarici İşlər Naziri Abbas Əraqçi gələcəkdə agentliyin inspektorlarının ölkəyə qayıtmasının istisna olunmadığını bildirib.