Ermənistan müxalifət deputatı: “Həbs bizi qorxutmur” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda həbsdə olan müxalif "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan bəyan edib ki, artıq həbs və təqiblər heç kəsi qorxutmur və sındırmır.

Deputat bildirib ki, o və "Müqəddəs Mübarizə" hərəkatının ondan çox tərəfdarı artıq 40 günə yaxındır ki, qanunsuz olaraq həbsdə saxlanılır. Sarkisyan vurğulayıb ki, onlara qarşı açılmış cinayət işi tamamilə saxtalaşdırılıb: "Heç bir sübut ola bilməz. Əsas götürülən videomaterial montaj olunub", - deyə o qeyd edib.

Sarkisyan əmindir ki, irəli sürülən ittiham yaxın vaxtlarda tamamilə puça çıxacaq. O, mübarizəsini dayandırmayacağını və "Ermənistanın güclənməsi naminə" davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Artur Sarkisyan parlamentin toxunulmazlıqdan məhrum edilməsindən sonra iyulun 9-da iki ay müddətinə həbs olunub. Ona "Müqəddəs Mübarizə" hərəkatına yardım etmək ittihamı irəli sürülüb. Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla bir neçə üzvü iyunun sonunda hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd ittihamı ilə saxlanılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31