ABŞ nümayəndəsi Livanda “Hizbullah”ın silahsızlaşdırılması planını müzakirə edəcək – ÖZƏL
11:26 DünyaABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrak Livan rəhbərliyi ilə İsraillə münaqişənin həlli üzrə "yol xəritəsini" müzakirə edəcək. Plan şiə hərəkatı "Hizbullah"ın silahsızlaşdırılmasını nəzərdə tutur.
Olaylar.az xəbər verir ki, bu barədə Asharq al-Awsat qəzeti məlumat yayıb.
Məlumata görə, artıq Beyruta çatan amerikalı emissar avqustun 18-də Livan prezidenti Cozef Aun, parlamentin spikeri Nabih Berri və baş nazir Nəvaf Salamla danışıqlar aparacaq.
Qəzet yazır ki, Livan hökuməti avqustun 5-də qəbul etdiyi qərarla "Hizbullah"ın silahlarının 2025-ci ilin sonuna qədər ölkə ordusuna təhvil verilməsini təsdiqləyib. Rəsmi Beyrut ümid edir ki, Barrak bu müqabilində İsraildən güzəştlər əldə edəcək və Təl-Əviv cənubda işğal etdiyi beş rayondan qoşunlarını mərhələli şəkildə çıxarmağa başlayacaq.
Prezident Cozef Aun "Al Hadath" telekanalına müsahibəsində bildirib ki, Barrakın yol xəritəsi 2024-cü il noyabrın 27-də İsraillə əldə olunmuş atəşkəs razılaşmasını tamamlayır. O, həmçinin vurğulayıb ki, Livan İsraillə münasibətlərin normallaşdırılması üçün dialoqa girməyəcək və "regionda ədalətli sülhün əldə olunması üçün ümumərəb səylərinə" sadiqdir.