Tramp Zelenskini Vaşinqtona çağırdı – Ukrayna lideri xüsusi açıqlama yaydı
16 Avqust 13:14 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp ilə apardığı danışıqlarla bağlı rəsmi açıqlama yayıb.
Zelenski bildirib ki, Tramp ilə əvvəl təkbətək, daha sonra isə Avropa liderlərinin iştirakı ilə ümumilikdə bir saat yarımdan çox davam edən müzakirələr aparılıb:
"Uzun və məzmunlu söhbət oldu. Təxminən bir saat Prezident Tramp ilə təkbətək danışdıq. Ukrayna bir daha təsdiqləyir ki, sülh naminə maksimum konstruktiv işləməyə hazırdır."
Ukrayna lideri vurğulayıb ki, Tramp onu Putinlə görüşün əsas məqamları barədə məlumatlandırıb:
"Vacibdir ki, Amerikanın gücü prosesin inkişafına təsir göstərir."
Zelenski Trampın Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü təşəbbüsünü dəstəklədiyini qeyd edib:
"Əsas məsələlər yalnız liderlər səviyyəsində müzakirə oluna bilər və üçtərəfli format bu baxımdan uyğundur."
O əlavə edib ki, müharibənin dayandırılması ilə bağlı bütün detallar bazar ertəsi Vaşinqtonda Tramp ilə görüşdə müzakirə olunacaq:
"Dəvət üçün təşəkkür edirəm."
Zelenski Avropanın roluna xüsusi diqqət çəkərək deyib:
"Əhəmiyyətlidir ki, Avropa da hər mərhələdə prosesə cəlb olunsun və ABŞ ilə birlikdə Ukraynanın təhlükəsizliyinə zəmanət versin."
Prezident həmçinin ABŞ-dan gələn müsbət siqnalları vurğulayıb və bildirib ki, təhlükəsizlik zəmanətlərinə dair məsələləri bütün tərəfdaşlarla koordinasiya etməyə davam edəcək:
"Hər kəsə təşəkkür edirəm ki, bizə yardım edir!"