Çin: BMT Təhlükəsizlik Şurası İranla yeni nüvə sazişinə şərait yaratmalıdır- ÖZƏL

Çin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının İranın nüvə məsələsinin həllinə dair addımlarının yeni sazişin imzalanmasına imkan yaratmalı olduğunu bəyan edib. Olaylar.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Lin Cian qeyd edib ki, sanksiyalar danışıqların bərpasına kömək etmir. "Çin hər zaman İranın nüvə probleminin sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həllini dəstəkləyib və BMT TŞ-nin 'sürətli sanksiyaların bərpası mexanizmi'ndən istifadəsinə qarşı çıxıb. Hesab edirik ki, bu addım tərəflər arasında etimadı möhkəmləndirməyəcək, fikir ayrılıqlarını aradan qaldırmayacaq və danışıqların bərpasına töhfə verməyəcək. Hazırda TŞ-nin bütün addımları yeni sazişin bağlanmasına xidmət etməlidir", - deyə diplomat vurğulayıb.
Məlumat üçün, "Axios" portalı yazır ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla yeni nüvə sazişinin imzalanması üçün son tarix olaraq 2025-ci ilin avqust ayını müəyyənləşdirib. Əks halda, "Avropa üçlüyü" 2015-ci il razılaşmaları çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının  sanksiyalarının yenidən qüvvəyə minməsini nəzərdə tutan snapback mexanizmini işə salmağı planlaşdırır. 6 avqustda İran XİN başçısı Abbas Əraqçi bu mexanizmin aktivləşdirilməsinin nəticələrinin "həddindən artıq şişirdildiyini" bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31