Ukraynanın hücumu nəticəsində “Drujba” neft kəməri ilə Macarıstana tədarük dayandırılıb – ÖZƏL

Macarıstan Rusiya neftini almağı dayandırıb, bunun səbəbi Ukrayna Silahlı Qüvvələrinin 12-13 avqust tarixlərində Bryansk vilayətindəki "Drujba" neft kəmərinin əsas paylama stansiyasına hücumu olub. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto məlumat verib. O bildirib ki, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin stansiyada təmir işlərinin aparıldığını xəbər verib. Təmir işlərinin davam etdiyini nəzərə alaraq, Siyyarto neft tədarükünün cümə günü bərpa olunma ehtimalının yüksək olduğunu qeyd edib.

Siyyarto əlavə edib ki, Macarıstan Ukrayna Silahlı Qüvvələrinin hücumunu "enerji təhlükəsizliyinə" və ölkənin "suverənliyinə" hücum kimi qiymətləndirir. O vurğulayıb ki, Macarıstan Ukraynaya enerji təminatı baxımından əsas tədarükçüdür və baş verən hadisənin bu əməkdaşlığa mənfi təsir göstərə biləcəyi istisna deyil.

Ukrayna Silahlı Qüvvələri 12 avqust axşamı Bryansk vilayətinin Vısokoye kəndindəki "Uneça" lineynaya istehsal-dispetçer stansiyasına raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Stansiyada böyük yanğın qeydə alınıb. "Uneça" stansiyası 8.900 km uzunluğundakı "Drujba" neft kəmərinin əsas düyün nöqtəsidir və əsas məqsədi neftin kəmərlər vasitəsilə daşınmasıdır. O, "Transnefteprodukt" holdinqinə məxsusdur.

Macarıstan hələ də Avropa İttifaqında Rusiya nefti alan iki ölkədən biridir. İyul ayında ölkə Rusiyadan 200 milyon avroluq neft idxal edib. Bundan əlavə, Macarıstan "Qazprom" qazını da idxal edir (iyulda 285 milyon avro), bu isə onu Avropada Rusiya karbohidrogenlərinin ən böyük alıcısı edir. Slovakiya da "Drujba" kəməri vasitəsilə Rusiya nefti alır. Belçika, Fransa və İspaniya isə Rusiya mayeləşdirilmiş qazını idxal edir.

"Drujba" neft kəməri 1960-cı illərdə inşa edilib. Kəmər Almetyevskdən (Rusiya) başlayır, Mozyrdan (Belarus) keçərək iki qoluna ayrılır. Cənub qolunun yolu Ukrayna vasitəsilə Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyaya gedir. Şimal qoluna Polşa və Almaniya daxildir. Şimal qolunda Rusiya neftinin tədarükü sanksiyalar səbəbindən dayandırılıb, lakin bu marşrutla Qazaxıstan nefti daşınmağa davam edir. Müharibədən əvvəl "Drujba" kəməri vasitəsilə Rusiya gündə təxminən 720 min barrel xam neft tədarük edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31