Sky News: Putin Alyaskada Trampı “öz oyununa” cəlb etməyə çalışacaq
13:21 DünyaRusiya prezidenti Vladimir Putin Alyaskada ABŞ prezidenti Donald Tramp ilə görüşdə ona güzəştə gedirmiş kimi görünməyə çalışacaq.
Olaylar.az xəbər verir ki, "Sky News"un təhlilinə görə, səbəb isə Trampın "üz itirməsinə" imkan verməməkdir.
Məqalənin müəllifi, jurnalist Ayvor Bennett yazır ki, Putin təcrübəli danışıqlar ustasıdır və nə istədiyini, buna necə nail olacağını yaxşı bilir. Onun fikrincə, Putinin əsas hədəfi Trampı inandırmaqdır ki, sülhə gedən ən qısa yol Rusiyanın şərtləri əsasında razılaşmadır.
Bennett hesab edir ki, Kreml bu məqsədə çatmaq üçün müəyyən "güzəşt" görüntüsü yaradacaq və Trampa hansısa təklif irəli sürəcək. Bu təklif Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş vədi ola bilər. Trampın son bəyanatlarında bu ehtimaldan yenidən bəhs etməsi də diqqətdən qaçmır.
Lakin müəllif xəbərdarlıq edir ki, bu, yalnız şərtlərlə müşayiət olunan, qeyri-müəyyən bir vəd ola bilər:
"Ağ Ev bunu irəliləyiş kimi təqdim edə bilər, amma nəticədə bu, əlçatmaz bir məqsəd olaraq qala bilər".