Ukrayna XİN-dən “Gürcü Arzusu”na siyasi piar ittihamı – ÖZƏL
12:56 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi "Gürcü Arzusu" partiyasının "Facebook" səhifəsində yayımlanan, Rusiya-Ukrayna müharibəsindən kadrların yer aldığı videoya reaksiya verib. Qurumun bəyanatında bildirilib ki, bu addım "Ukrayna xalqına və Rusiyanın təcavüzü qurbanlarına hörmətsizlik"dir və Ukrayna cəmiyyətində haqlı narazılıq doğurur.
"Gürcü Arzusu"nun öz siyasi piarı naminə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün dəhşətli nəticələrini əks etdirən videodan istifadə etməsi təəssüf doğurur. Gürcü hakimiyyəti Moskvaya xoş gəlməyə çalışaraq gürcü xalqına tarixi olaraq məxsus olan ləyaqət və müstəqillik prinsiplərini tapdalayır.
Ukrayna XİN partiyanın siyasi strateglarına müraciət edərək, reallığı əks etdirən daha dürüst təsvir paylaşmağı tövsiyə edib: "Sağda Rusiya bayrağı, solda isə Aİ və NATO-nun qapalı qapıları. Bu, gerçək vəziyyəti əks etdirərdi, çünki indiki Gürcüstan hökuməti ölkəni müharibədən deyil, Avropa gələcəyindən məhrum edib."
Eyni zamanda bəyanatda vurğulanıb ki, Ukrayna Gürcü xalqının müstəqil, demokratik və Avropa yönümlü dövlət qurmaq istəyini ardıcıl olaraq dəstəkləyir.