Politico: Kiyev Trampın Alyaskada Ukraynanı “satacağından” narahatdır - ÖZƏL
13 Avqust 2025 11:34 DünyaABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit ərəfəsində Ukrayna rəhbərliyi ciddi narahatlıq keçirir. Olaylar.az xəbər verir ki, Politico nəşrinin yazdığına görə, Kiyev Trampın danışıqların nəticəsi olaraq Ukraynaya münaqişənin həlli üçün müəyyən şərtlər diktə edə biləcəyindən ehtiyatlanır.
Nəşr belə bir ssenarini Ukrayna üçün "kabusa çevrilə biləcək" variant kimi qiymətləndirir. Məqalədə bildirilir ki, Tramp özünü Nobel Sülh Mükafatı namizədi kimi təqdim etmək istəyir və bu səbəbdən də Kiyevə təzyiq göstərərək münaqişəni bitirməyə çalışacaq.
Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Timoti Eş Politico-ya açıqlamasında xəbərdarlıq edib ki, əldə olunacaq saziş Ukrayna üçün o qədər mənfi ola bilər ki, ölkənin sosial, iqtisadi və siyasi əsaslarını sarsıdaraq dövlətin çökməsinə gətirib çıxara bilər.
Nəşrin mənbələri etiraf edir ki, danışıqlar zamanı Ukrayna müəyyən ərazi güzəştlərinə getmək məcburiyyətində qala bilər.