Zəngəzur dəhlizi (TRIPP) Cənubi Qafqazın əsas tranzit mərkəzlərindən birinə çevirəcək- ÖZƏL

"Məlum olduğu kimi Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən müxtəlif bəhanələrlə ləngidildi. Ermənistan daxilindəki siyasi dairələrin müqaviməti, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın mövqeyi prosesin çətinləşməsinə səbəb oldu. Fransa tez-tez Ermənistanın mövqeyini müdafiə etsə də, Azərbaycanın diplomatik səyləri nəticəsində Zəngəzur dəhlizinin region üçün iqtisadi faydaları beynəlxalq aləmdə daha çox qəbul olunmağa başladı". Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib:
 "2025-ci ilin avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi imzalandı. Bu saziş çərçivəsində "Trump Route for International Peace and Prosperity" (TRIPP) adlanan beynəlxalq nəqliyyat dəhlizi yaradılması qərara alındı. Marşrut Azərbaycanın əsas ərazisindən Naxçıvana avtomobil və dəmir yolu xəttini, enerji kəmərlərini, optik kabel infrastrukturu özündə birləşdirəcək.
Sazişə görə, bu dəhlizin tikintisi və təhlükəsizliyi ABŞ tərəfindən təmin ediləcək, 99 illik idarəetmə hüququ isə beynəlxalq konsorsiuma veriləcək. Bu, layihənin beynəlxalq təminatla qorunması və regionda uzunmüddətli sabitliyin yaradılması baxımından mühüm addımdır. Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri bu marşrutu "XXI əsrin strateji İpək Yolu" kimi qiymətləndirdi. Onlar üçün bu dəhliz yeni ticarət bazarlarına çıxış, logistika və enerji təhlükəsizliyi deməkdir. Digər tərəfdən, İran və Rusiya bu təşəbbüsə ehtiyatla yanaşdı. İran sərhəd bölgələrində hərbi təlimlər keçirdi, Rusiya isə alternativ marşrut təklif etməklə prosesə təsir göstərməyə çalışdı. Buna baxmayaraq, beynəlxalq zəmanət və ABŞ-ın birbaşa iştirakı layihənin reallaşma şansını xeyli artırdı.
Azərbaycan üçün Naxçıvanla birbaşa quru əlaqənin bərpası yalnız logistika məsələsi deyil, həm də milli birliyin və təhlükəsizliyin təminatıdır. Bu yolun bərpası həm iqtisadi, həm də strateji baxımdan ölkə üçün böyük üstünlüklər yaradacaq. Ən əsası isə, bu addım regionun siyasi xəritəsini dəyişdirəcək, Azərbaycanı Cənubi Qafqazın əsas tranzit mərkəzlərindən birinə çevirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31