Suriya Rus patrullarını geri qaytarmaq istəyir – ÖZƏL
12 Avqust 2025 10:34 DünyaOlaylar.az xəbər verir ki, "Kommerstant"ın məlumatına görə, Suriya yeni hökuməti Rusiya hərbi polisinin ölkənin cənub vilayətlərində patrul xidmətini bərpa etməsini istəyir. Məqsəd, bu əraziləri yenidən Rusiya nəzarətinə qaytararaq İsrailin hərbi fəallığını məhdudlaşdırmaqdır.
Xatırladaq ki, İsrail 2024-cü ilin dekabrında Suriyanın cənub rayonlarının bir hissəsini ələ keçirərək sərhəd təhlükəsizliyi və bölgədəki druz icmasının müdafiəsi üçün "bufer zona" yaratdığını bəyan etmişdi. Bu dövrdə Rusiyanın bölgədəki hərbi mövcudluğu azalmışdı. Dəməşq hesab edir ki, patrulların geri qayıtması İsrailin Suriya işlərinə müdaxiləsinin qarşısını ala bilər.
Son məlumatlara görə, Rusiya hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq patrul xidmətini bərpa edib, lakin başqa bir bölgədə - şimal-şərqdəki əl-Qamışlı şəhəri ətrafında. Bu addım Suriya nümayəndə heyətinin Moskvaya səfərindən sonra atılıb.
Hakimiyyət dəyişikliyindən sonra Rusiya Tartusdakı Hərbi Dəniz Qüvvələrinin təminat bazasını, Latakiyadakı Hmeymim aviabazasını və əl-Qamışlıdakı hərbi aerodromu öz nəzarətində saxlayıb.
İyulun sonunda Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriya Ərəb Respublikasının keçid hökumətinin xarici işlər naziri Əsaad əş-Şibani ilə görüşüb. Bu, Bəşər Əsədin istefası və ölkəni tərk etməsindən sonra yüksək səviyyəli ilk Suriya səfəri olub.