London məhkəməsi Wikipedia-nın onlayn təhlükəsizlik qanununa qarşı iddiasını rədd etdi - ÖZƏL

Londonun Ali Məhkəməsi internet ensiklopediyası Wikipedia-nın operatoru olan Wikimedia Foundation tərəfindən qaldırılan iddianı rədd edib. Olaylar.az xəbər verir ki, iddia, Böyük Britaniyada 2023-cü ildə qəbul edilən və onlayn kontentə, eləcə də onun müəlliflərinə qarşı sərt tələblər müəyyən edən "Onlayn Təhlükəsizlik Qanunu"nun bəzi müddəalarını şübhə altına alırdı.
Qanuna əsasən, britaniya hakimiyyəti "qanunsuz" və ya "uşaqlar üçün zərərli" hesab edilən geniş spektrdə onlayn materialları aşkarlamaq, bloklamaq və qeydiyyata almaq səlahiyyətinə malikdir.
Wikimedia Foundation 2025-ci ilin əvvəlində məhkəməyə müraciət edərək, yeni kontent kateqoriyalaşdırma qaydalarının Wikipedia-nın mövcudluğunu və qlobal könüllülər icmasını təhlükə altına atdığını bildirib. Fondun baş hüquq müşaviri Stiven Laportanın sözlərinə görə, məhkəmə "internetin ən riskli kommersiya saytları üçün hazırlanmış qaydalardan" ensiklopediyanı qorumaq üçün addım atmalı idi. Fond iddia edir ki, qanunun Wikipedia-ya tətbiqi könüllü müəlliflərin şəxsiyyətinin yoxlanılmasını zəruri edəcək ki, bu da anonimliyi - könüllülərin təhlükəsizliyinin əsas təminatını  zədələyəcək. Şəxsi məlumatların açıqlanması könüllülər üçün məhkəmə təqibi, iddialar və hətta həbs riski yarada bilər. Məlumata görə, Wikipedia məqalələri dünyanın müxtəlif yerlərindən olan təxminən 260 min könüllü tərəfindən yaradılır və redaktə olunur. 25 il ərzində formalaşan bu model 300-dən çox dildə informasiya mənbəyinə çevrilib. Ensiklopediyadakı 65 milyon məqalə hər ay 15 milyarddan çox dəfə oxunur. Wikimedia Foundation ABŞ-də xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmiş qeyri-kommersiya qurumudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31