Hindistan: Pakistanın nüvə şantajına boyun əyməyəcəyik – ÖZƏL

Olaylar.az xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib ki, ölkəsi Pakistanın nüvə şantajına təslim olmayacaq.

"Diqqətimiz Pakistandakı Ordu Baş Qərargah rəisinin ABŞ səfəri zamanı söylədiyi iddia olunan bəzi fikirlərə yönəlib. Nüvə ilə hədələmə Pakistana xas davranışdır," - deyə o bəyan edib. "Hindistan artıq aydın şəkildə bildirib ki, nüvə şantajına boyun əyməyəcək. Milli təhlükəsizliyimizi qorumaq üçün bütün zəruri addımları atmaqda davam edəcəyik."

Caisvalın sözlərinə görə, beynəlxalq ictimaiyyət bu cür bəyanatlarda özünü göstərən məsuliyyətsizliyə dair nəticə çıxara bilər. Bu, həm də ordu ilə terror qruplarının əlbir olduğu bir dövlətdə nüvə silahlarının idarəetmə və nəzarət mexanizmlərinin etibarlılığına dair ciddi şübhələri gücləndirir. O, belə bəyanatların dost ölkənin torpağında səsləndirilməsini də təəssüf doğuran hal adlandırıb.

NDTV telekanalının məlumatına görə, Pakistan Ordu Baş Qərargah rəisi general Asim Munir 10 avqustda ABŞ-nin Floridada yaşayan pakistanlılarla görüşündə ölkəsinə qarşı gələcək müharibədə mövcudluq təhlükəsi yaranarsa, nüvə müharibəsi ehtimalı barədə xəbərdarlıq edib. Kanal qeyd edir ki, ABŞ ərazisində üçüncü bir ölkəyə qarşı edilən ilk nüvə təhdidi kimi qeydə alınıb.

Munir, həmçinin, Hindistanın İndus çayları üzərində Pakistanın su təminatına təsir göstərə biləcək infrastruktur layihələrini məhv etməklə hədələyib. O, ölkəsinin raket çatışmazlığı olmadığını vurğulayıb. General əlavə edib ki, Hindistanın apreldə Pahalgam terror hücumundan sonra İndus Suları Müqaviləsini dayandırmaq qərarı, aclıq səbəbilə 250 milyon insanın həyatını təhlükəyə ata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31