CNN: Tramp Ağ Evdə Obamanın və Buşların portretlərini ziyarətçilərin gözündən uzaqlaşdırdı - ÖZƏL
13:04 DünyaABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçıları Barak Obama, Corc Buş (ata) və Corc Buş (oğul) portretlərini Ağ Evin ziyarətçilər üçün açıq olmayan hissəsinə köçürüb. Olaylar.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Obamanın portreti əvvəlcə Ağ Evin girişində yerləşirdi, lakin indi prezidentin şəxsi rezidensiyasına aparan parad pilləkənlərinin yuxarısına asılıb. Bu zona yalnız prezidentin ailə üzvləri, ABŞ Gizli Xidmət əməkdaşları və məhdud sayda administrasiya işçiləri üçün əlçatandır. Eyni hissəyə Buş ailəsinin portretləri də köçürülüb.
CNN qeyd edir ki, bu addım Tramp və Obama arasında uzun illərdir mövcud olan gərginliyi vurğulayır. Hazırkı prezident bir müddət əvvəl Obamanı dövlətə xəyanətdə ittiham etmişdi. Trampın Buş ailəsi ilə də uzunmüddətli fikir ayrılıqları olduğu bildirilir. Mənbələrin sözlərinə görə, Tramp Ağ Evin interyerindəki bütün dəyişiklikləri şəxsən nəzarətdə saxlayır. Daha əvvəl Obamanın portreti Böyük foyedəki yerindən çıxarılaraq əvəzində Trampın Pensilvaniyanın Batler şəhərindəki seçki mitinqində sui-qəsd cəhdindən xilas olduğu səhnəni təsvir edən tablo yerləşdirilmişdi.
Ağ Evin protokoluna görə, son illərin prezidentlərinin portretləri adətən binanın girişində, rəsmi tədbirlərə gələn qonaqlar və turistlərin görə biləcəyi yerlərdə nümayiş olunur.