Al Jazeera:İsrail Qəzzanı ələ keçirməzdən əvvəl jurnalistləri susdurmağa çalışır - ÖZƏL
11 Avqust 2025 11:50 DünyaQətər mərkəzli Al Jazeera telekanalı İsrail ordusu və hökumətini Qəzza zolağında çalışan beş əməkdaşının qəsdən hədəfə alınaraq öldürülməsində ittiham edib. Kanal hadisəni "Qəzza zolağının işğalı ərəfəsində jurnalistləri susdurmaq cəhdi" kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, telekanalın bəyanatında bildirilib ki, "Qəzzanın ən cəsarətli jurnalistlərindən biri" kimi tanınan Ənəs əş-Şərif və onun həmkarlarının öldürülməsi, bölgədə baş verənləri sənədləşdirən media nümayəndələrinə qarşı məqsədli hücumdur. Al Jazeera qeyd edib ki, onların əməkdaşları iş prosesində aclıq və böyük əzablarla üzləşərək bunları kameraları vasitəsilə dünyaya çatdırıblar.
Məlumata görə, Ənəs əş-Şərif, Məhəmməd Kreykə və iki operator İsrailin hava zərbəsi nəticəsində həlak olub. Daha sonra daha bir operatorun da həyatını itirdiyi açıqlanıb. Onlar zərbə zamanı Əş-Şifə xəstəxanasının girişində jurnalistlər üçün qurulmuş çadırda olublar. İsrail ordusunun pilotsuz uçuş aparatı ilə gecəyarısına yaxın endirdiyi hücum nəticəsində ümumilikdə yeddi nəfər ölüb.
İsrail ordusu isə öz açıqlamasında Ənəs əş-Şərifi "Al Jazeera jurnalisti adı altında fəaliyyət göstərən terrorçu" adlandırıb. Ordunun iddiasına görə, o, HƏMAS-ın bir dəstəsinə rəhbərlik edib və İsrail mülki əhalisi ilə hərbçilərinə qarşı raket hücumlarına cavabdeh olub.