Vyetnam və Cənubi Koreya müdafiə sahəsində əməkdaşlığı gücləndirir - ÖZƏL

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam dövlət səfəri çərçivəsində Cənubi Koreyada bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq getdikcə möhkəmlənir. Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Li Çje Myonun administrasiyası məlumat yayıb.
Sammitin əvvəlində To Lam Seulu Vyetnamın mühüm iqtisadi tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, Cənubi Koreya Vyetnamda birinci yerdə birbaşa investisiya və turizm sahəsində, ikinci yerdə inkişaf məqsədli yardımda, üçüncü yerdə isə ticarət tərəfdaşları arasında qərarlaşıb. "Xüsusilə, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, bölgələrarası əlaqələr və humanitar mübadilələr genişlənir", - deyə o vurğulayıb.
Öz növbəsində Li Çje Myon Vyetnamın Cənubi Koreyanın üçüncü ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib: "Vyetnamın iqtisadi inkişafı və böyüməsi bizim üçün böyük əhəmiyyət daşıyır". O, həmçinin iki ölkə vətəndaşları arasında artan beynəlxalq nikahları xatırladaraq, Vyetnam və Cənubi Koreyanı "qohum dövlətlər" adlandırıb.
Cənubi Koreya lideri Vyetnamın müasir tarixdə xarici ordularla mübarizədə möhkəm dayandığını və ölkəni birləşdirməyi bacardığını vurğulayıb. Xatırladaq ki, Vyetnam müharibəsində Cənubi Koreya ABŞ və Cənubi Vyetnam tərəfini dəstəkləyərək öz hərbçilərini göndərmişdi. Li Çje Myon əminliyini bildirib ki, sürətli inkişaf sayəsində Vyetnam gələcəkdə dünyanın aparıcı dövlətlərindən birinə çevriləcək.
Bu, iyunda vəzifəyə başlayan Li Çje Myon administrasiyası dövründə ilk dövlət səfəridir. To Lam isə 11 ildən sonra ilk dəfə Cənubi Koreyaya səfər edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31