Trampa "Bakıdakı separatçıları buraxdır", xahişini kim edib, 23 nəfərlik siyahını kim hazırlayıb - ŞOK İDDİALAR

Musavat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampla Vaşinqton görüşündə Bakı həbsxanalarında olan erməni separatçılarının azad edilməsi məsələsinin müzakirə olunduğu barədə müxtəlif və ziddiyyətli iddialar yayılıb.

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, sosial şəbəkələrdə Paşinyanın guya bu məsələyə qarşı çıxdığı haqda yayılan məlumatlar yalandır. Onun sözlərinə görə, Paşinyan bu mövzunu müxtəlif formatlarda qaldırıb, Trampla görüşdə də təşəbbüs ondan gəlib və söhbət bütün məhbuslardan gedib.

Lakin Vaşinqtondan yayılan rəsmi görüntü və açıqlamalarda Bakı məhkəməsində işi gedən separatçıların adları çəkilməyib. Sonradan məlum olub ki, məsələ yalnız Ermənistan nümayəndə heyəti ilə Tramp arasında qapalı söhbətdə qısaca müzakirə olunub və ictimaiyyət qarşısında dilə gətirilməyib. Azərbaycan tərəfi isə bu iddialara rəsmi münasibət bildirməyib. 

Erməni Telegram kanallarının versiyası isə fərqlidir. Onların iddiasına görə, Paşinyan Tramptan qondarma "artsax"ın hərbi-siyasi rəhbərliyinin azad edilməsi üçün xahiş etməyib. Üstəlik, 23 nəfərlik siyahı Amerika keşişi Joel Tenni tərəfindən hazırlanıb və çox güman ki, Tramp Paşinyana bu siyahı barədə danışıb. Qeyd olunur ki, həmin an Paşinyanın çaşqın olduğu görünür, elə təəssürat yaranıb ki, o, 23 nəfərlik siyahı ilə ilk dəfə orada tanış olub.

Məlum siyahıya aşağıdakı şəxslər daxildir:
1. Aren Abrahamyan (2001)
2. Narek Avagyan (1997)
3. Arman Avagyan (2001)
4. Artur Avetisyan (1975)
5. Robert Aghayan (1992)
6. Erik Arstamyan (1981)
7. Artur Babayan (1999)
8. Karen Baghyan (1998)
9. Mikael Beglaryan (1963)
10. Aslan Voskanian (1982)
11. Yeghishe Mnatsakanyan (1990)
12. Lernik Mnatsakanyan (1989)
13. Armen Movsesyan (1993)
14. Vahan Mikayelyan (2001)
15. Zaven Hovsepyan (1960)
16. Boris Hovsepyan (1997)
17. Samvel Safaryan (1994)
18. Sevak Sargsyan (1975)
19. Nikolay Saghyan (1959)
20. Arayik Sargsyan (1996)
21. Narek Paramazyan (1992)
22. Zaven Petrosyan (1996)
23. Vladislav Petrosyan (1997)

23 nəfərlik siyahıdan aydın olur ki, burada separatçıların tanınmış siyasi və hərbi rəhbərliyinin adları yoxdur. Siyahıda olanlar geniş ictimaiyyətə məlum olmayan şəxslərdir. Musavat.com olaraq deyə bilərik ki, onların heç birinin adı bizdə hər hansı assosiasiya yaratmır. Buradan da nəticə çıxır ki, ABŞ prezidentinə Bakı və Bakı məhkəmələrində mühakimə olunan tanınmış separatçı liderlərin adları təqdim edilməyib.

Azərbaycan rəsmiləri indiyədək bu iddialara münasibət bildirməyiblər. Ona görə də Musavat.com olaraq, rəsmi təsdiq və ya təkzib olmadığı üçün konkret mövqe açıqlamırıq. Bununla belə, mötəbər mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Paşinyan hökuməti hazırda Bakı həbsxanalarında olan və məhkəməsi gedən separatçı-cinayətkar liderlərin heç birini İrəvanda görmək istəmir.

Bunun bir neçə səbəbi var:

• Milyarder Ruben Vardanyan Paşinyanın şəxsi rəqibidir. O, Paşinyanı devirmək, özünü onun yerinə gətirmək üçün Rusiya layihəsində yer alıb.
• Arayik Arutyunyan da Paşinyan üçün heç bir halda arzu olunan fiqur deyil.
• Qalan separatçı liderlər isə Qarabağ klanına və narazı elektorata bağlı şəxslərdir.

Paşinyan özü Qarabağ klanına aid deyil və uzun müddətdir ki, həmin mafioz siyasi dairələrlə mübarizə aparır. Onların azad olunaraq İrəvana qayıtması halında isə Paşinyana qarşı siyasi hücumların, etirazların və təşkilatlanmış kampaniyaların başlaması üçün cəmi bir neçə gün kifayət edəcək.

Bu səbəbdən Ermənistan hökuməti üçün nə Vardanyan, nə Arutyunyan, nə də digər separatçı liderlərin geri qaytarılması siyasi baxımdan sərfəlidir. Əksinə, onların Bakıda qalması Paşinyan üçün daha az risk daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31